...

Azərbaycan UNESCAP-ın dayanıqlı inkişafa həsr olunmuş 13-cü Regional Forumunda təmsil olunub

İqtisadiyyat Materials 2 Mart 2026 10:57 (UTC +04:00)
Azərbaycan UNESCAP-ın dayanıqlı inkişafa həsr olunmuş 13-cü Regional Forumunda təmsil olunub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən Banqkok şəhərində keçirilən və dayanıqlı inkişafa həsr olunmuş 13-cü Regional Forum başa çatıb.

Trend xəbər verir ki, Azərbaycanın iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov forumun sədr müavini qismində ölkəni təmsil edib.

Forumun açılış mərasimində çıxış edən H.Hüseynov Azərbaycanın dayanıqlı inkişaf istiqamətində əldə etdiyi nailiyyətlər, həyata keçirilən struktur və institusional islahatlar barədə məlumat verib. Dayanıqlı İnkişaf Məqsədlərinin milli prioritetlərlə uzlaşdırılaraq sistemli şəkildə icra olunduğu diqqətə çatdırılıb.

Azərbaycanın sədrliyi ilə keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üzrə regional tərəqqinin və imkanların nəzərdən keçirilməsi” adlı sessiyada Asiya və Sakit Okean regionunda DİM-lər üzrə əldə olunan nəticələr təhlil edilib. BMT sisteminin regional səviyyədə fəaliyyəti və DİM-lərin icrası üzrə mövcud çağırışlar ətrafında müzakirələr aparılıb.

Forum çərçivəsində Azərbaycanın rəhbərliyi ilə “Yekun hesabatlılıq, nümayəndə heyətlərinin səlahiyyətlərinin nəzərdən keçirilməsi, məruzə sessiyaları və ümumi öhdəliklərin müzakirəsi” üzrə plenar müzakirələr keçirilib.

9-cu DİM (Sənaye, innovasiya və infrastruktur) üzrə dəyirmi masada dövlət qurumları, özəl sektor, vətəndaş cəmiyyəti və akademik dairələrin iştirakı ilə keçirilən müzakirələrin nəticələri ümumi plenar iclasa təqdim edilib.

Tədbirdə 40-dan çox ölkədən 1200-dən çox dövlət rəsmisi, beynəlxalq təşkilat, özəl sektor və qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edib. Forumda təmiz su və sanitariya xidmətlərinə çıxışın artırılması, əlçatan və təmiz enerji, sənaye, innovasiya və infrastrukturun inkişafı, eləcə də inklüziv, təhlükəsiz və dayanıqlı şəhərlərin təşviqi ilə bağlı Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, əldə olunan irəliləyiş və regional əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin, BMT-nin İnkişaf üçün IV Beynəlxalq Maliyyələşdirmə Konfransının nəticələri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti