Bakı. Trend:
Əmir Səid İrəvani Qərbin İranın nüvə proqramı ilə bağlı iddialarını rədd edərək, ABŞ və İsrailin son hərbi əməliyyatlarından sonra təmkinli olmağa çağırıb.
Trend xəbər verir ki, bu barədə İslam Respublikasının dünya təşkilatındakı daimi nümayəndəsi Əmir Səid İrəvani BMT Təhlükəsizlik Şurasında bəyanat verib.
O bildirib: “Fransa, Böyük Britaniya və digər Qərb ölkələrinin nümayəndələrinin İranın dinc nüvə proqramı ilə bağlı iddialarını qəti şəkildə rədd edirəm. Bu iddiaların heç bir faktiki və ya hüquqi əsası yoxdur.”
İrəvani Vaşinqtonun hücumlarını qanunsuz və hüquqi əsasdan məhrum adlandırıb və qarşıdan gələn təhlükə ilə bağlı qabaqlayıcı tədbirlərin “təcavüzü qanuniləşdirə bilməyəcəyini” vurğulayıb.
O həmçinin ABŞ və İsrailin əməliyyatlarını “İran İslam Respublikasına qarşı təxribatsız və qəsdən törədilmiş təcavüz” adlandırıb və mülki ərazilərə zərər dəydiyini qeyd edib.
İrəvani bütün tərəfləri ehtiyatlı olmağa, beynəlxalq hüquqa hörmət etməyə çağırıb və eskalasiyanın qarşısını almaq üçün dialoqun vacibliyini vurğulayıb.
