Bakı. Trend:
İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneinin öldürülməsi heç vaxt cavabsız qalmayacaq.
Trend-in məlumatına görə, bu, İran Prezidenti Məsud Pezeşkianın bəyanatında öz əksini tapıb.
İran prezidenti bildirib ki, İran var-gücü ilə bu hadisəni törədənləri peşman edəcək.
Pezeşkian qeyd edib ki, İran Hökuməti İranın Ali Liderinin ölümü ilə əlaqədar başsağlığı verir və ölkədə 40 gün matəm və 7 gün qeyri-iş günü elan edir.
Qeyd edək ki, 28 fevralda İsrailin Tehrana hərbi hava hücumları nəticəsində İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və ailə üzvləri ölüb.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.
