Bakı. Trend:
Misli Premyer Liqasında XXII tura yekun vurulub.
Trend-in məlumatına görə, günün son matçında "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Sabah"ı qəbul edib. Görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.
Ağdam klubunun heyətində Pedro Bikalyo, Kevin Medina və Musa Qurbanlı fərqləniblər. "Sabah"ın qollarını isə Xəyal Əliyev, Aaron Maluda və Coy-Lens Mikels vurublar.
Turnir cədvəlinə 53 xalla "Sabah" başçılıq edir. "Qarabağ" isə 46 xalla ikinci pillədə qərarlaşıb.
Günün ilk görüşündə "Turan Tovuz" "Azərsun Arena"da "İmişli"ni sınağa çəkib. Oyun qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.
Qeyd edək ki, turun daha əvvəl reallaşan qarşılaşmalarında "Kəpəz" "Sumqayıt"ı (3:0), "Zirə" "Araz-Naxçıvan"ı (1:0) məğlub edib. "Neftçi" - "Şamaxı" (2:2) və "Qəbələ" - "Karvan-Yevlax" (1:1) oyunları isə heç-heçə ilə başa çatıb.