Bakı. Trend:
ABŞ və İsrailin İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Minab şəhərində qız məktəbinin vurması kəskin şəkildə qınanılır.
Trend-in məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian qız məktəbinin vurulması və çoxlu sayda şagirdin ölməsi ilə əlaqədar müraciətində bildirib.
Onun sözlərinə görə, bu hərəkəti İran öz tarixi yaddaşından heç vaxt silməyəcək.
Pezeşkian bildirib ki, bölgədə bütün əlaqədar rəsmilərə, xilasetmə mərkəzlərinə göstəriş verilib ki, hücum nəticəsində yaralanlara yardım etmək istiqamətində bütün imkanlar səfərbər olunsun.
Qeyd edək ki, bu gün İsrail və ABŞ-nin İrana hərbi hava hücumları fonunda Minab rayonunun qız məktəbində ölənlərin sayı 85 nəfərə yüksəlib.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.
