Bakı. Trend:
Fevralın 27-də Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin Azərbaycana rəsmi səfəri Bakı–Əddis-Əbəbə münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Səfər siyasi dialoqdan iqtisadi əməkdaşlığa, enerji tərəfdaşlığından rəqəmsal transformasiyaya qədər geniş spektri əhatə etdi və iki ölkə arasında strateji əməkdaşlıq perspektivlərini konkret məzmunla zənginləşdirdi. Yəni, Efiopiyanın Baş nazirinin Azərbaycana səfəri Bakının Afrika ölkələri ilə münasibətləri yeni məzmunla inkişaf etdirdiyini göstərir.
Bunu Trend-ə politoloq Azər Qarayev deyib.
"Səfərin əsas hadisəsi Efiopiya hökumət başçısının Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi təkbətək və geniş tərkibli görüşlər oldu. Danışıqlar zamanı tərəflər ikitərəfli münasibətlərin institusional əsaslarla inkişaf etdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və yeni əməkdaşlıq mexanizmlərinin yaradılması məsələlərini müzakirə etdilər.
Görüşlərdə siyasi münasibətlərin yeni formalaşmağa başladığı, lakin böyük potensiala malik olduğu vurğulandı. Xüsusilə Afrika qitəsinin aparıcı dövlətlərindən biri olan Efiopiya ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətində coğrafi şaxələndirmə kursunun davamı kimi diqqət çəkir", - o bildirib.
A.Qarayev qeyd edib ki, səfər proqramında mühüm yer tutan məqamlardan biri Baş nazirin Səngəçal neft terminalına səfəri oldu.
"Dünyanın ən böyük enerji logistika mərkəzlərindən sayılan bu terminal Azərbaycanın qlobal enerji təhlükəsizliyində oynadığı rolu nümayiş etdirdi. Qonağa ölkənin enerji strategiyası, o cümlədən Əsrin müqaviləsindən sonra həyata keçirilən layihələr, həmçinin Cənub Qaz Dəhlizi kimi beynəlxalq əhəmiyyətli təşəbbüslər barədə məlumat verildi. Bu təqdimat Azərbaycanın enerji sahəsində topladığı idarəetmə və infrastruktur təcrübəsinin inkişaf etməkdə olan ölkələr üçün model kimi çıxış edə biləcəyini göstərdi", - o bildirib.
Onun sözlərinə görə, nümayəndə heyətinin Ələt Azad İqtisadi Zonası ilə tanışlığı iqtisadi əməkdaşlığın gələcək istiqamətlərini müəyyən edən mühüm mərhələ oldu.
"Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən zona Azərbaycanı regional sənaye və logistika mərkəzinə çevirən əsas platformalardan biri kimi təqdim edildi. Bu istiqamət Efiopiya üçün də xüsusi əhəmiyyət daşıyır, çünki Afrika bazarlarının Avrasiya ticarət marşrutlarına inteqrasiyası yeni investisiya imkanları yarada bilər", - o bildirib.
Politoloq vurğulayıb ki, səfər çərçivəsində Baş nazirin ASAN xidmət mərkəzinə səfəri Azərbaycanın institusional innovasiyalarının beynəlxalq səviyyədə artan nüfuzunu bir daha nümayiş etdirdi.
"Artıq Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Azərbaycan modeli əsasında fəaliyyət göstərən dövlət xidmətləri mərkəzinin açılması bu əməkdaşlığın praktik nəticəyə çevrildiyini göstərir. ASAN modelinin tətbiqi dövlət idarəçiliyinin rəqəmsallaşdırılması və vətəndaş xidmətlərinin optimallaşdırılması baxımından Azərbaycan–Efiopiya tərəfdaşlığının ən konkret nümunələrindən biri hesab olunur. Baş nazirin AI Academy-də keçirdiyi görüş isə əməkdaşlığın gələcək texnoloji ölçüsünü ön plana çıxardı. Süni intellekt, insan kapitalının hazırlanması və innovasiya ekosisteminin inkişafı sahəsində bilik mübadiləsi iki ölkənin uzunmüddətli inkişaf gündəliyində mühüm yer tuta bilər. Bu istiqamət xüsusilə inkişaf etməkdə olan ölkələr arasında texnologiya transferi və rəqəmsal transformasiya əməkdaşlığının genişlənməsi baxımından əhəmiyyətlidir", - o bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində müdafiə əməkdaşlığı, kənd təsərrüfatı, investisiyaların təşviqi, antikorrupsiya fəaliyyəti, media və iqlim gündəliyini əhatə edən bir sıra saziş və anlaşma memorandumları imzalandı. Xüsusilə BMT-nin İqlim Konfransının - COP32 sessiyasının təşkili üzrə əməkdaşlıq sənədi tərəflərin qlobal gündəlikdə də birgə fəaliyyət niyyətini ortaya qoydu.
"Abiy Əhməd Əlinin Azərbaycana səfəri göstərdi ki, Bakı Afrika ölkələri ilə münasibətləri yeni məzmunla inkişaf etdirməyə çalışır. Enerji, logistika, dövlət idarəçiliyi və rəqəmsal texnologiyalar sahəsində Azərbaycanın formalaşdırdığı təcrübə Efiopiya kimi sürətlə inkişaf edən dövlətlər üçün praktik əməkdaşlıq platforması yaradır. Beləliklə, bu səfər iki ölkə arasında diplomatik əlaqələrin sadəcə başlanğıcı deyil, həm də uzunmüddətli iqtisadi, texnoloji və institusional tərəfdaşlığın əsasını qoyan mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər", - A.Qarayev əlavə edib.
