Bakı. Trend:
İrandan Azərbaycana təxliyə davam edir.
Trend xəbər verir ki, Azərbaycan vətəndaşları ilə yanaşı xarici ölkə vətəndaşları, xarici ölkələrin İrandakı səfirliklərin əməkdaşları, diplomatlar və s. təxliyə olunurlar.
Azərbaycan aidiyyatı dövlət qurumları təxliyə üçün lazım olan zəruri tədbirləri davam etdirir.
Vətəndaşların təhlükəsiz şəkildə daşınması məqsədilə xüsusi avtobuslar ayrılıb, həmçinin ərazidə təcili tibbi yardım briqadaları cəlb olunub və digər operativ xidmətlər hazır vəziyyətə gətirilib.
XXX
15:00
İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir.
Trend xəbər verir ki, 28 fevral saat 08:00-dan 1 mart 14:00-dək Azərbaycanın 53 vətəndaşı İrandan təxliyə edilib.
İrandan Azərbaycana 18 Səudiyyə Ərəbistanı vətəndaşı, Tacikistanın 5, İordaniyanın 4, Qətərin 3, İtaliyanın isə 1 vətəndaşının təhlükəsiz keçidi təmin olunub.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.
İsrail və ABŞ-nin ötən gün həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.
Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.
