Bakı. Trend:
İranın hərbi hücumları müdafiə xarakterlidir və heç bir qonşu ölkəyə qarşı yönəlməyib.
Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, İranın hücumları sadəcə region ölkələri ərazisindən İrana hücum üçün istifadə edən ABŞ-nin hərbi hücumlarına cavabdır.
Bəqai bildirib ki, İran öz dostluq əlini bütün region ölkələrinə doğru uzadır və qonşu ölkələrin xüsusi şəraiti dərk edərək kollektiv mənafeyi və regionun təhlükəsizliyini prioritet seçəcəklərinə ümid edir.
ABŞ tərəfinin İranın yaxın zamanlarda təhlükəyə çevrilməsi ilə əlaqədar iddiasına münasibət bildirən Bəqai qeyd edib ki, belə iddialar İran tərəfindən əsassız hesab olunur. İran sülhsevərdir və müharibə şəraitində öz bacarıqları ilə ölkəni müdafiə edir.
Bəqai əlavə edib ki, diplomatiyada hər zaman anlaşılmazlıqlar mövcud olsa da, İranın məqsədi beynəlxalq arenada öz məntiqi və haqlı olduğunu əks etdirmək olub. İran diplomatları İranın dialoq tərəfdarı olduğunu əks etdirdilər. Lakin ABŞ tərəfi ötən 10 il ərzində üçüncü dəfə olaraq İranla diplomatik prosesi görməməzlikdən gəlib.
“İranın Minab şəhərində qız məktəbinin vurulması nəticəsində çoxlu sayda şagird və müəllimin ölməsi qəbuledilməzdir və İran bunu hərbi cinayət hesab edir”, - deyə o qeyd edib.
Qeyd edək ki, İsrail və ABŞ-nin İrana hərbi hava hücumları fonunda İranın cənubunda Hörmüzqan vilayətinin Minab rayonunda qız məktəbində 85 nəfər ölüb, 92 nəfər yaralanıb.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.
