Bakı. Trend:
Almaniyanın “Skylance” şirkəti Nürnberqdə keçirilən müdafiə sərgisində pilotsuz uçuş aparatlarına qarşı nəzərdə tutulan “DroneHammer” adlı yeni müdafiə sistemini təqdim edib.
Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.
Şirkətin məlumatına görə, lazerlə idarə olunan müdafiə raketi aşağı istehsal dəyəri və ətrafa minimal zərər riskinin olması ilə seçilir. Təxminən 2 500 avro dəyərində olan raketin uçuş məsafəsi 2 kilometrə qədərdir və çəkisi bir kiloqramdan azdır.
Sistem hədəfləri klassik başlıqlar vasitəsilə deyil, proqram alqoritmləri və görüntü emalı texnologiyaları ilə aşkar edir. Raket hədəfə yaxın məsafədə partlayaraq yüksək konsentrasiyalı qəlpə buludu vasitəsilə dronu sıradan çıxarır. Şirkət bu üsulun effektivliyinin 99 faiz olduğunu bildirir.
"DroneHammer" layihəsi "Skylance", xüsusi texnika istehsalçısı "Mosolf" və zirehli nəqliyyat vasitələri üzrə ixtisaslaşmış "Stoof International" şirkətlərinin əməkdaşlığı nəticəsində ərsəyə gəlib.
Yeni sistemin əsas məqsədi ucuz pilotsuz aparatların yaratdığı asimmetrik təhlükələrə qarşı effektiv və iqtisadi həll təqdim etməkdir. Kompleksin hüquq-mühafizə orqanları, sərhəd xidmətləri və kritik infrastrukturun mühafizəsində istifadəsi nəzərdə tutulur.
İlk seriya istehsalının 2026-cı ilin dördüncü rübündə başa çatdırılması planlaşdırılır.
