Bakı. Trend:
Qətər Dövləti İranın öz ərazisinə ballistik raket hücumlarını qətiyyətlə pisləyərək, onları milli suverenliyin kobud şəkildə pozulması, ölkənin təhlükəsizliyinə və ərazi bütövlüyünə birbaşa hücum, eləcə də regionun sabitliyini təhdid edən qəbuledilməz eskalasiya kimi qiymətləndirib.
Trend-in məlumatına görə, bu barədə Qətər Xarici İşlər Nazirliyinin X səhifəsində dərc olunmuş bəyanatda bildirilib.
Sənəddə vurğulanır ki, Qətər bu hücuma beynəlxalq hüquqa uyğun olaraq və təcavüzün xarakterinə mütənasib şəkildə – öz suverenliyini, təhlükəsizliyini və milli maraqlarını müdafiə etmək məqsədilə cavab vermək hüququnu özündə saxlayır.
Nazirlik qeyd edib ki, Qətər İran İslam Respublikası ilə dialoqun əsas tərəfdarlarından biri olub və qalmaqdadır, fikir ayrılıqlarının sülh yolu ilə həllinə və bölgədə eskalasiyanın qarşısının alınmasına ardıcıl çağırışlar edir.
Bəyanatda Qətər ərazisinə edilən hücumların mehriban qonşuluq prinsiplərinə zidd olduğu və heç bir bəhanə ilə qəbul edilə bilməyəcəyi vurğulanıb. Bildirilib ki, Doha daim regional münaqişələrdən uzaq durmağa çalışır və İranla beynəlxalq ictimaiyyət arasında dialoqu təşviq edir.
Eyni zamanda qeyd olunub ki, atəşin yenidən başlaması xoş niyyətləri əks etdirmir və ikitərəfli münasibətlərin qurulduğu qarşılıqlı anlaşmanın təməllərini sarsıdır.
Bundan əlavə, Qətər İranın təcavüzü adlandırılan hadisə nəticəsində Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və Bəhreynin suverenliyinin pozulmasını pisləyərək, bu dövlətlərin təhlükəsizliyini və sabitliyini qorumaq istiqamətində atılan addımlarda onlarla tam həmrəy olduğunu bir daha təsdiqləyib.
Sonda Xarici İşlər Nazirliyi regional təhlükəsizliyin qorunması və daha geniş qarşıdurmanın qarşısının alınması üçün eskalasiya hərəkətlərinə dərhal son qoymağa, danışıqlara qayıtmağa, ağıl və müdrikliyə əsaslanan qərarlar qəbul etməyə çağırıb.
