Bakı. Trend:
“Təməl" Memarlıq Mükafatı üçün ümumilikdə 890 layihə nəzərdən keçirilib. Həmin layihələrdən 82-si münsiflər heyətinin müzakirəsinə təqdim olunub.
Trend xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arixtektura Komitəsinin sədr müavini, müsabiqənin münsiflər heyətinin sədri İlqar İsbatov Komitənin təşkilatçılığı ilə keçirilən "Təməl" Memarlıq Mükafatının təqdimetmə mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Sədr müavininin sözlərinə görə, 6 nominasiya üzrə qiymətləndirmə aparılıb və qaliblər müəyyən edilib:
1. Yaşayış komplekslərinin memarlığı
2. İctimai binaların memarlığı
3. Nəqliyyat, sənaye, rabitə və mühəndis qurğuları
4. Mədəniyyət və dini obyektlərin memarlığı
5. Binaların bərpası və yenidən qurulması
6. İctimai məkanlar və landşaft memarlığı
Komitə rəsmisi əlavə edib ki, qalib layihələr bu il keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində də nümayiş olunacaq. Forum zamanı tematik pavilyonlarda seçilmiş layihələr təqdim ediləcək və geniş auditoriyaya tanıdılacaq.
Qeyd edək ki, sözügedən mükafat ilk dəfə 2023-cü ildə qaliblərə təqdim edilib. Tədbirin uğurlu təşkili nəzərə alınaraq onun hər il keçirilməsi qərara alınıb. 2024-cü ilin yekunlarına görə mükafatlandırma 2025-ci ilin fevral ayında baş tutub və proses şəffaf şəkildə həyata keçirilib. Cari ildə isə 2025-ci ilin layihələri üzrə növbəti mükafatlandırma mərasimi təşkil olunur.
