Bakı. Trend:
Yaxın Şərqdə baş verən son hadisələr ilə bağlı hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən Azərbaycan Hava Yolları tərəfindən Dubay, Doha, Ciddə və Təl-Əviv istiqamətləri üzrə həyata keçirilən uçuşlar dayandırılıb.
Trend xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb.
Sərnişinlər sözügedən istiqamətlər üzrə əldə etdikləri aviabiletləri heç bir cərimə ödəmədən geri qaytara və ya dəyişdirə bilərlər.
Qeyd edək ki, Naxçıvan istiqaməti üzrə planlaşdırılan reyslər ştat rejimində həyata keçirilir.
AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər mümkün dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaq.
Əlavə məlumat əldə etmək üçün sərnişinlər [email protected]
elektron poçt ünvanı vasitəsilə aviaşirkətlə əlaqə saxlaya
bilərlər.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.
