Bakı. Trend:
Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.
Bu istiqamətdə Qaradağ Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 43 yaşlı Əkbər Əliyev saxlanılıb. Ondan 21 kiloqram 302 qram marixuana, 496 qram tiryək və 50 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, İdarə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı isə paytaxt sakini 39 yaşlı Elxan Bəndəliyev də narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan isə 23 kiloqram 975 qram marixuana aşkarlanaraq götürülüb.
İdarə əməkdaşlarının keçirdikləri sonuncu əməliyyat zamanı da
narkotiklərin paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil
etməkdə şübhəli bilinən 32 yaşlı Yunis Məmmədov, həmyaşıdı Nazir
Tağıyev və 34 yaşlı Urfan Məmmədli Lökbatan qəsəbəsində
saxlanılıblar. Bu şəxslərdən isə Bakı şəhərinə müxtəlif ünvanlara
yerləşdirmək məqsədi ilə gətirdikləri 20 kiloqram 250 qram
marixuana aşkarlanıb.
Qeyd edək ki, sonuncu əməliyyatlar zamanı 66 kiloqramdan artıq
narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam
etdirilir.
Qeyd edək ki, ilin əvvəlindən Qaradağ RPİ-nin əməkdaşları tərəfindən 80 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.
