Bakı. Trend:
ABŞ ordusunun Hərbi Dəniz Qoşularının Bəhreyndəki bazası və region ölkələrindəki digər hərbi bazaları vurulub.
Trend-in məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) məlumat yayıb.
Məlumata görə, ABŞ ordusunun Qətər və BƏƏ-dəki hərbi bazaları, eləcə də İsraildə təhlükəsizlik və hərbi bazaları atəşə tutulub.
Məlumatda qeyd olunur ki, “Doğru Vəd 4” əməliyyatının ilk mərhələsində İran Silahlı Qüvvələri İrana hücum edən İsrail və ABŞ-nin regional hədəfləri atəşə tutulub.
Məlumatda deyilir ki, İran Silahlı Qüvvələrinin raket və dron hücumları davam edir.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.
