Bakı. Trend:
Azərbaycan Hava Yolları aviaşirkətinin J2-021 nömrəli Bakı-Təl-Əviv reysi İsrail hava məkanının bağlı olması səbəbindən Bakıya geri qayıdıb. Təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına 12:24-də uğurla eniş edib.
Trend xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb.
AZAL Yaxın Şərqdəki mövcud vəziyyəti diqqətlə izləməyə davam
edir və uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün
lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki
dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.
Əlavə məlumat əldə etmək üçün sərnişinlər [email protected]
elektron poçt ünvanı vasitəsilə aviaşirkətlə əlaqə saxlaya
bilərlər.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.
