Bakı. Trend:
ABŞ-nin Azərbaycandakı səfirliyinin iqtisadiyyat şöbəsinin direktoru Erik Qroff ölkələrimiz arasında ikitərəfli iqtisadi əməkdaşlığın dinamik inkişafını vurğulayıb.
Trend xəbər verir ki, o, Bakıda "Crescent Mall"da "Popeyes" restoranının açılış mərasimində çıxış edərək bu hadisənin özü üçün də şəxsi əhəmiyyət kəsb etdiyini qeyd edib.
Erik Qroffun sözlərinə görə, o,Azərbaycana gələndə iqtisadi sahədə azərbaycanlı həmkarları ilə hansı yüksək nəticələrin əldə ediləcəyini təsəvvür etməyib.
"Əgər mənə o zaman bizim azərbaycanlı tərəfdaşlarımızla əldə edəcəyimiz nəticələr barədə danışsaydılar, buna inanmazdım. Bu günkü hadisə bu prosesdə başqa bir mühüm addımdır," - deyə Erik Qroff vurğulayıb.
O, həmçinin Azərbaycanda ABŞ brendlərini dəstəkləyən tərəfdaşlara və şirkətlərə təşəkkürünü bildirib.
"Dostlarımıza və tərəfdaşlarımıza Amerika şirkətlərinin və brendlərinin dəstəklənməsində, həmçinin Azərbaycanda öz layihələrini həyata keçirən istedadlı və dinamik gənc sahibkarlara verdikləri dəstəyə görə təşəkkür edirəm," - deyə Erik Qroff qeyd edib.
Səfirlik nümayəndəsi sözlərinin sonunda, bu tədbirin gələcək təşəbbüslərin başlanğıcı olacağına əminliyini ifadə edib.
