Bakı. Trend:
Cari ilin yanvar ayının sonuna olan məlumata görə, Azərbaycanda rezident maliyyə təşkilatları tərəfindən emissiya edilmiş "UnionPay" kartları (o cümlədən statistik vahidin ödəniş kartları) üzrə əməliyyatların sayı 1 min ədəd, həcmi isə 120 min manatdan çox təşkil edib.
Trend bu barədə Azərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata əsasən, ötən ilin yanvar ayı ilə müqayisədə UnionPay kartları üzrə əməliyyatların sayı 800-dən çox və ya 5 dəfə artıb, həcmi isə 0,02 milyon manat və ya 1,2 dəfə yüksəlib.
Bundan əlavə, hesabat dövründə qeyri-rezident maliyyə təşkilatları tərəfindən emissiya edilmiş UnionPay kartları üzrə əməliyyatların sayı 1,5 min ədəd, həcmi isə 0,2 milyon manat təşkil edib.
Qeyd edək ki, rezident maliyyə təşkilatları tərəfindən buraxılmış ödəniş kartları üzrə əməliyyatların sayı və həcmi ölkə ərazisində fəaliyyət göstərən maliyyə təşkilatları (yerli banklar və ya maliyyə institutları) tərəfindən emissiya edilmiş ödəniş kartları ilə həyata keçirilmiş əməliyyatların ümumi sayını və həcmini əhatə edir.
Qeyri-rezident maliyyə institutları tərəfindən emissiya edilmiş ödəniş kartları üzrə əməliyyatların sayı və həcmi isə xaricdə fəaliyyət göstərən banklar və maliyyə institutları tərəfindən verilmiş ödəniş kartlarından istifadə edilməklə Azərbaycanda həyata keçirilən əməliyyatların ümumi sayını və məbləğini əks etdirir.
