Bakı. Trend:
2025-ci ildə İcbari Sığorta Bürosu (İSB) tərəfindən 749 min manat kompensasiya ödənilib.
Trend bu barədə İSB-yə istinadən xəbər verir.
Xatırladaq ki, “İcbari sığortalar haqqında” Qanununa əsasən Azərbaycan Respublikası ərazisində baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində icbari sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallarda sağlamlığına zərər dəyən üçüncü şəxslərə kompensasiya ödənişinin verilməsi İcbari Sığorta Bürosu (İSB) tərəfindən həyata keçirilir.
Məlumata görə, 2025-ci ildə İSB-yə kompensasiya ödənişləri ilə bağlı 398 müraciət daxil olub. Bu müraciətlər əsasında 217 şəxsin sağlamlığına vurulmuş müxtəlif dərəcəli xəsarətlərə görə 216 342 manat, 10 şəxsin əmək qabiliyyətini tam və ya qismən itirməsinə (əlillik) səbəb olmuş xəsarətlərə görə 28 000 manat və 171 şəxsin ölümü ilə nəticələnmiş hadisələr üzrə 504 833 manat olmaqla, ümumilikdə 749 175 manat komensasiya ödənişləri həyata keçirilib.
Qeyd edilib ki, kompensasiya ödənişi üçüncü şəxsin sağlamlığına naməlum və ya oğurlanmış avtonəqliyyat vasitəsilə zərər vurulduqda, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi mövcud olmayan şəxs (sığortasız) tərəfindən üçüncü şəxsin sağlamlığına zərər vurulduqda və sığorta qanunvericiliyində nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olmadıqda (iflas etmiş sığorta şirkəti) təmin edilir.
