Bakı. Trend:
Azərbaycanda hazırda turizm sektorunda 80 minə yaxın adam çalışır, lakin hesablamalar göstərir ki, turizmin inkişafı yaxın illərdə 450 mindən çox iş yerinin açılmasını dəstəkləyə bilər. Çünki turizm təxminən 50-dən çox sahəni birləşdirir.
Trend xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitədə “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
Komitə sədrinin sözlərinə görə, turizm inkişaf etdikcə məşğulluq artır, kiçik və orta biznes genişlənir, regionlar dirçəlir, dövlət gəlirləri yüksəlir.
“Etiraf edək ki, hazırda Azərbaycana gələn turistlərin sayı ölkəmizin potensialından çox aşağıdır.
Azərbaycanın təbiəti, tarixi, mədəniyyəti, mətbəxi turizm üçün çox cəlbedicidir, ictimai asayiş və təhlükəsizlik yüksək səviyyədədir.
Amma qiymət, xidmət, loqistik və tanıtım problemləri həll olunmadan güclü turizm ölkəsinə çevrilmək çətindir”, - deyə millət vəkili qeyd edib.
