Bakı. Trend:
ABŞ İranda yerləşən obyektlərə dənizdən və havadan zərbələr endirir.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, əməliyyatın məqsədi İranın təhlükəsizlik aparatının sıradan çıxarılmasıdır.
Qeyd edək ki, fevralın 28-i səhər İsrailin müdafiə naziri İsraəl Kac bəyan edib ki, İsrail ordusu (IDF - İsrail Müdafiə Qüvvələri) İrana qarşı qabaqlayıcı zərbə endirib, bundan sonra ölkədə fövqəladə vəziyyət elan olunub.
İran KİV-ləri xəbər veriblər ki, raket zərbələri nəticəsində Tehranda, o cümlədən Universitet küçəsində və Cümhuri rayonunda üç partlayış baş verib.
Xatırladaq ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail İrana hava zərbələri endirməyə başlayıb. İsrailin Müdafiə Naziri bu zərbələrin qabaqlayıcı xarakter daşıdığını qeyd edib.
