Bakı. Trend:
Turizmin sistemli inkişafını təmin etmək üçün əsas prioritet istiqamətləri müəyyən edilib.
Trend xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
Sədr bildirib ki, bura hədəf bazarlar üçün vizasız rejimin tətbiqi, hava nəqliyyatı ilə sərnişindaşımada qiymət baxımından rəqabət qabiliyyətinin təmin edilməsi, dayanıqlı Turizm İnkişaf Fondunun yaradılması, əlverişli fiskal və investisiya mühitinin formalaşdırılması daxildir. Eləcə də Turizm İnvestisiya Təşviqi Sənədinin yaradılması, həmçinin istehlakçı təcrübəsinə mənfi təsir edən rəqəmsal ödənişlər, nəqliyyat əlçatanlığı, rəqəmsallaşma və mədəni-təbii irs obyektlərinə çıxışla əlaqəli bir sıra əsas maneələrin aradan qaldırılması üzrə tədbirlər də nəzərdə tutulur:
“Bu tədbirlərin kompleks şəkildə həyata keçirilməsi turizm sahəsində sistemli, balanslaşdırılmış və iqtisadi cəhətdən ölçüləbilən artımı təmin edəcək. Eləcə də turizm xidmətlərinin ixracını artıracaq, yeni iş yerlərinin yaradılmasına şərait yaradacaq və Azərbaycanın turizm istiqaməti kimi beynəlxalq rəqabət qabiliyyətini gücləndirəcək”.
F.Nağıyev vurğulayıb ki, Dövlət Turizm Agentliyi tərəfindən bu prioritet istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında 2026-2030-cu illərdə turizmin inkişafına dair Dövlət Proqramı” hazırlanıb. Hazırda proqram qurumlar arasında müzakirə mərhələsindədir:
“Sənəddə hava əlaqələrinin genişlənməsinin təşviq olunması, ölkənin qastonomiy, sağlamlıq, qış və eko turizm istiqaməti kimi tanıdılması, turizm sahəsində mikro və kiçik sahibkarlıq subyektlərinin dəstəklənməsi, sənaye subyektlərinin təsnifat və uçot sisteminin təkmilləşdirilməsi kimi məsələlər öz əksini tapıb.
Həmçinin regionlarda yerləşən əsas turizm məntəqələrinin əlçatanlığının artırılması, turizm sahəsinə aid təhsil proqramlarının və infrastrukturun inkişaf etdirilməsi və bu kimi inkişafa dəstək verən digər fəaliyyətlər nəzərdə tutulub. Hədəf turizm bazarlarında təbliğatın, sosial media kampaniyalarının genişləndirilməsi də prioritetlərdən biridir”.
