Bakı. Trend:
Ali Məhkəmə ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının pozulması və bu pozuntudan yaranan mənəvi zərərin ödənilməsi ilə bağlı hallara dair izah verib.
Trend xəbər verir ki, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” 24 dekabr 2025-ci il tarixli Plenum Qərarında ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının xüsusi növü kimi ər-arvadın şəxsiyyət hüquqlarının mahiyyəti və bu hüquqlara müdaxiləni qadağan edən hallar aydınlaşdırılıb.
Bildirilib ki, atalığı mübahisələndirən şəxsin öz övladı kimi qəbul etdiyi, qayğı göstərdiyi, böyüməsində, təhsilində və tərbiyəsində iştirak etdiyi uşağın bioloji atası olmaması faktının müəyyən edilməsi, həmin şəxsin valideynik hüquqlarını pozmaqla yanaşı, işin hallarından asılı olaraq atanın şərəf və ləyaqətinin alçaldılmasına da səbəb ola bilər.
Atalığa dair mübahisə açmaq hüququndan sui-istifadə, bu tələbin qərəzli olaraq qaldırılması, habelə vicdansızcasına açıq-aşkar əsassız iddianın verilməsi isə işin hallarından asılı olaraq arvadın şərəf və ləyaqətinin alçaldılmasına, habelə digər şəxsiyyət hüquqlarının pozulmasına səbəb ola bilər.
Qeyd edək ki, cinayət işi açılıb açılmamasından asılı olmayaraq sirr təşkil edən məlumatların yayılmasına görə tərəf mülki qaydada tələb irəli sürə bilər.
Sirr hesab edilməsə də, tərəfin razılığı olmadan yayılan məlumatlarla bağlı cinayət məsuliyyəti yaranmır, lakin tərəf mülki qaydada iddia qaldıra bilər.
İddia şəxsiyyət hüququnun müdafiəsi və mənəvi zərərlə bağlı qaldırılır.
“Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Ali Məhkəmə Plenumunun Qərarı yalnız mülki qaydada vahid məhkəmə təcrübəsinin tənzimlənməsi üçündür. Orada yazılan hüquqazidd əməllər, qadağalar və məsuliyyət mülkidir.
