Bakı. Trend:
Omanın xarici işlər naziri Bədr əl-Busaidi Körfəz Əməkdaşlıq Şurası ölkələrinin xarici işlər nazirləri ilə bir sıra telefon danışıqları aparıb.
Trend-in məlumatına görə, bu barədə Oman Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
Bildirilib ki, nazir İran və ABŞ arasında nüvə dosyesi üzrə dolayı danışıqların "müsbət nəticələri" barədə onları məlumatlandırıb.
Əl-Busaidi Qətərin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl-Tani, BƏƏ Baş nazirinin müavini və Xarici İşlər naziri Şeyx Abdullah bin Zayed Əl-Nəhyan, Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Şahzadə Feysəl bin Fərhan Əl-Səud, eləcə də Küveyt və Bəhreynli həmkarları ilə əlaqə saxlayıb. Oman Xarici İşlər Nazirliyinin rəhbəri onları "İran və ABŞ arasında dolayı danışıqlar yolu ilə əldə edilən ən diqqətəlayiq müsbət nəticələr" barədə məlumatlandırdı. O, həmçinin "dialoqun impulsunu qorumağın və regionda eskalasiyanın azaldılmasına və təhlükəsizliyin gücləndirilməsinə yönəlmiş diplomatik səyləri dəstəkləməyin vacibliyini" vurğuladı.
Bundan əlavə, tərəflər iqtisadi əməkdaşlığı inkişaf etdirmək və təhlükəsizliyi qorumaq üçün "yeni regional dialoq mexanizmi"nin yaradılmasını müzakirə ediblər.