Bakı. Trend:
Ukrayna sülh şəraitində yaşaya biləcəyinə inanmayana qədər münaqişənin nizamlanmasına dair razılaşma imzalanmayacaq.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Xüsusi elçisi Stiv Uitkoff bildirib.
“Ukrayna və onun xalqı diplomatik həll tapılacağı təqdirdə sülh şəraitində yaşaya biləcəklərinə inanmayana qədər heç bir razılaşma olmayacaq. Son nəticə məhz bu olmalıdır — sülhün reallığı”, - deyə Uitkoff bildirib.
Onun sözlərinə görə, bunun üçün ABŞ və Avropa tərəfindən “sərt təhlükəsizlik protokolları” tələb olunacaq. Donald Trampın nümayəndəsi bu istiqamətdə işlərin aparıldığını diqqətə çatdırıb.
Fevralın 17–18-də Cenevrədə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında danışıqlar keçirilib: ilk gün müzakirələr altı saat davam edib, ikinci gün isə təxminən iki saat çəkib. Rusiya nümayəndə heyətinə rəhbərlik edən Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski danışıqları “çətin, lakin işgüzar” adlandırıb, Zelenski isə tərəflərin atəşkəsə nəzarət mexanizmi üzrə “demək olar ki, razılığa gəldiyini” bildirib.
