Bakı. Trend:
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil əl-Ramahi ilə görüşüb.
Trend bu barədə SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, görüşdə SOCAR ilə “Masdar” şirkəti arasında bərpa olunan enerji mənbələrinin inkişafı üzrə uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub. Bu xüsusda, şirkətlərin birgə iştirakı ilə Azərbaycanda reallaşdırılan külək və günəş elektrik stansiyaları layihələri üzrə görülən işlər nəzərdən keçirilib.
Söhbət zamanı tərəflər ədalətli enerji keçidi və dekarbonizasiya sahəsində əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib, bu istiqamətlərdə dialoqun davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında “yaşıl enerji” sahəsində bir sıra ortaq layihələr həyata keçirilir. Bu layihələrə misal olaraq "Masdar" şirkəti tərəfindən həyata keçirilən 445 meqavat gücündə Biləsuvar və 315 meqavat gücündə Neftçala Günəş Elektrik Stansiyalarını, eləcə də Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi layihəsini göstərə bilərik. Hazırda sözügedən layihələr üzrə tikinti işləri davam etdirilməkədir.
