Bakı.Trend:
Bu ilin yanvar ayında Azərbaycanda Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS) vasitəsilə aparılmış əməliyyatların ümumi həcmi 68,7 milyard manatı, say baxımından isə 129,8 min ədədi ötüb.
Trend bu barədə Azərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumatlara görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu sistemdə həyata keçirilən əməliyyatların həcmi 2 milyard manat və ya 3%-dən çox, sayı isə 12,8 min ədəd və ya 10,9% artıb.
Ötən ilin yanvar ayında AZİPS vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 66,8 milyard manat, sayı isə 117 min ədəd olmuşdu.
Qeyd edək ki, yanvar ayına olan vəziyyətə görə Azərbaycanda bank sistemi və "Azərpoçt" SC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı öncəki ayla müqayisədə 176 min ədəd artıb və ümumilikdə 22 milyon 156 min ədəd təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 11 faiz artmış olub.
