Bakı. Trend:
Hazırda qrantlarla bağlı bütün məsələlər, ümumi şəkildə “Qrant haqqında” Qanunla tənzimlənir və bu qanunun ümumi fəlsəfəsinə uyğun olaraq, mədəniyyət sahəsindəki layihələrin maliyyələşməsi də əsasən QHT-lərlə məhdudlaşır. Yeni maddə isə, yalnız QHT-lərin deyil, digər hüquqi və fiziki şəxslərin də prosesə cəlb edilməsinə imkan yaradır.
Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli parlamentin bugünkü iclasında “Kinematoqrafiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin zamanı deyib.
Millət vəkili bildirib ki, fərdi sənətkarlar, yaradıcı startaplar, innovativ mədəni platformalar, müstəqil prodüserlər, bütövlükdə kreativ təşəbbüslərlə çıxış edən digər hüquqi və fiziki şəxslər də dövlət dəstəyinə çıxış imkanı əldə edə biləcəklər. Dəyişiklik ilk baxışda terminoloji xarakter daşısa da, əslində mədəniyyət siyasətinin fəlsəfəsini yeniləyən, onun müasir iqtisadi inkişaf modelinə inteqrasiya etməsinə zəmin yaradan strateji bir addımdır.
Deputat vurğulayıb ki, qanunda yer alan “mədəniyyət sənayesi” anlayışının “mədəni və yaradıcı sənaye” anlayışı ilə əvəz edilməsi, həmçinin bu anlayışa hüquqi tərif verilməsi təqdir olunmalıdır:
“Bu yanaşma mədəniyyəti və yaradıcılığı, eyni zamanda iqtisadi münasibətlər sisteminin tərkib hissəsi və innovativ intellektual kapitalın mənbəyi kimi təqdim edir. Dəyişiklik mədəniyyətin subsidiya gözləyən sahədən dəyər yaradan sahəyə keçidinə imkan yaradır. Təklif olunan əlavə və dəyişikliklər konseptual şəkildə mövcud olan strateji baxışı normativ-hüquqi müstəviyə keçirəcək.
“Yaradıcı sənaye” anlayışının qanunda təsbit edilməsi dövlət proqramlarının icrasında interpretasiya və yaxud məqsədyönlü, subyektiv şərhlərlə bağlı boşluqları da aradan qaldıracaq, investorlar üçün aydın çərçivə formalaşdıracaq və ən əsası isə hüquqi müəyyənlik prinsipini gücləndirəcək”.
E.Mirzəbəyli xatırladıb ki, ölkədə mədəniyyət sahəsi yalnız bir qanunla tənzimlənmir. Bu sırada “Mədəniyyət haqqında”, “Kinematoqrafiya haqqında”, “Muzeylər haqqında”, “Kitabxana işi haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” və digər qanunları qeyd etmək olar:
“Bu qanunvericilik aktları heç də mədəniyyətin bütün sahələrini əhatə etmir. Məsələn, rəssamlıq, heykəltaraşlıq, bəstəkarlıq, ədəbi fəaliyyət və mədəniyyətin, incəsənətin digər sahələri haqqında ayrıca qanunvericilik aktları yoxdur. Halbuki bu sahələr müasir dövrdə mədəni və yaradıcı sənaye anlayışına daha çox uyğun gəlir və mədəniyyət sektorunda dəyər yaradan sahələr hesab olunurlar”.
Milli Məclisin üzvü sonda qeyd edib ki, fövlətin mədəniyyətin inkişafına vahid konseptual baxışının mövcud olduğunu və bu yanaşmanın “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyasında yer aldığını, həmçinin hazırda mədəniyyət sahəsinin iqtisadiyyatla inteqrasiya olunduğunu, innovasiya ilə bütövləşdiyini, dövlət siyasətində strateji yer tutduğunu nəzərə alsaq, perspektivdə mədəniyyət və yaradıcı sənaye sahəsini əhatə edən normativ-hüquqi bazanın sistemləşdirilməsi, vahid məcəllənin hazırlanması və qəbul edilməsi doğru olar. Belə bir yanaşma hüquqi pərakəndəliyi aradan qaldıra, investorlar üçün aydın mühit yarada, dövlət siyasətinin vahid konseptual çərçivəsinin - konsepsiyanın hüquqi bazasının formalaşdırılmasına yol aça bilər.
