Bakı. Trend:
Bu həftə Böyük Britaniya Parlamentinin İcmalar Palatasında keçirilmiş dinləmələrlə bağlı Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə bir sıra sorğular daxil olub. Məsələyə yüksək maraq göstərildiyini nəzərə alaraq, Böyük Britaniyada qərarların qəbul edilməsi sisteminin necə işlədiyini aydınlaşdırmağı vacib hesab edirik.
Bu barədə Trend-ə səfirlikdən məlumat verib.
Böyük Britaniyanın Bakıdakı Səfirliyi Əlahəzrət Kral III Çarlzın
Hökumətini təmsil edir və Böyük Britaniya Hökumətinin xarici
siyasət mövqelərini ifadə edir. Səfirlik Böyük Britaniyanın
konstitusiya sistemində ayrıca və müstəqil hakimiyyət qolu olan
Britaniya Parlamentinin adından çıxış etmir.
Parlament Hökumətdən müstəqil fəaliyyət göstərir və onun
dinləmələri, müzakirələri və araşdırmaları Əlahəzrət Kral III
Çarlzın Hökumətinin rəsmi siyasətini deyil, ayrı-ayrı deputatların
və ya parlament komitələrinin mövqelərini əks etdirir.
Bu səbəbdən Səfirliyin parlament proseslərinin məzmunu və ya
gedişatı ilə bağlı şərh verməsi məqsədəuyğun hesab edilmir. Bununla
bağlı bütün sorğular www.parliament.uk ünvanı vasitəsilə birbaşa
Britaniya Parlamentinə yönləndirilməlidir.
Böyük Britaniyanın Cənubi Qafqaz regionu üzrə mövqeyi aydın və
dəyişməz olaraq qalır: biz Azərbaycanın suverenliyini və ərazi
bütövlüyünü tanıyır, Azərbaycan ilə Ermənistan arasında
münasibətlərin normallaşdırılmasını davamlı və dayanıqlı sülhə
aparan yeganə yol kimi dəstəkləyirik.