...

İranın Şərqi Azərbaycan vilayəti ilə Azərbaycan arasında qarşılıqlı investisiya diqqət mərkəzində saxlanılır – Vali (ÖZƏL MÜSAHİBƏ)

İqtisadiyyat Materials 27 Fevral 2026 08:00 (UTC +04:00)
İranın Şərqi Azərbaycan vilayəti ilə Azərbaycan arasında qarşılıqlı investisiya diqqət mərkəzində saxlanılır – Vali (ÖZƏL MÜSAHİBƏ)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayəti ilə Azərbaycan arasında investorların qarşılıqlı olaraq yatırımlara yönəldilməsi, onların fəaliyyət sahələrinin genişləndirilməsi, iş adamlarının qarşılıqlı səfərlərinin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır.

Bunu Trend-ə müsahibəsində İranın Şərqi Azərbaycan vilayətinin valisi Bəhram Sərməst deyib.

Onun sözlərinə görə, həm Azərbaycanla mövcud tarixi ortaqlıqları nəzərə alaraq, həm də İranda prezident Məsud Pezeşkianın işə başlaması ilə Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi siyasətini nəzərə alaraq, İran tərəfi Azərbaycanla əlaqələrə prioritet olaraq yanaşır.

Sərməst deyib ki, qarşılıqlı səfərlər çərçivəsində əldə olunan razılaşmalara əsasən hər iki ölkənin iş adamları və sahibkarların fikir mübadiləsi aparmaları, birgə əməkdaşlığa şərait yaratmaları nəzərdə tutulur. Şərqi Azərbaycan vilayəti bu prosesi dəstəkləyir.

“Əlavə olaraq qeyd etmək lazımdır ki, İran prezidenti Məsud Pezeşkianın sərhəd bölgələrdə yerləşən vilayətlərin valilərinin səlahiyyətlərini artırması ciddi şəkildə diqqət mərkəzindədir. Azərbaycanla münasibətlərdə Şərqi Azərbaycan vilayəti və Təbrizin mövqeyi nəzərə alınaraq valilik üçün bir sıra prioritetlər müəyyənləşdirilib.

İranın Şərqi Azərbaycan vilayətinin ticarət dövriyyəsi əsasən Türkiyə, Rusiya, İraq və başqa ölkələrlədir. Azərbaycanla ticarət imkanları olsa da, qənaətbəxş hesab olunmur. Halbuki ticarət əlaqələrini inkişaf etdirməklə daha böyük imkanlar yaratmaq mümkündür”, - deyə o bildirib.

Sərməst qeyd edib ki, Şərqi Azərbaycan vilayətinin iqtisadi inkişafı çərçivəsində çoxlu sayda planların həyata keçirilməsi nəzərdə tutulub. Təbriz mərkəzliyi ilə Şərqi Azərbaycan vilayəti həmişə müxtəlif sahələrdə, o cümlədən siyasət, iqtisadiyyat, sənaye, mədəni və ictimai sahələrdə özünəməxsus mövqeyə sahib olub. Müxtəlif zaman kəsiyində Şərqi Azərbaycan vilayəti bu önəmli rolundan müəyyən qədər uzaqlaşıb. Yenidən Şərqi Azərbaycanın bu önəmli rolunu geri qaytarmaq istiqamətində səylər göstərilir. Bu baxımdan Şərqi Azərbaycan vilayətində qısa, orta və uzunmüddətli məqsədlər formalaşdırılıb.

“Şərqi Azərbaycan vilayətində bir sıra infrastruktur layihələr mövcuddur ki, bu layihələr vilayətin əsaslı inkişafında önəmli məqsədlər hesab olunur. Bu layihələrdən vilayətdən keçən avtomobil yolları və dəhlizləri xüsusi vurğulamaq olar. Təbriz-Sufyan və davamında Türkiyə ilə sərhəddə Bazerqan sərhəd-keçid məntəqəsinə gedən avtomobil yolu, Təbriz-Urmiya avtomobil yolu, Həştrud-Marağa avtomobil yolu, Xavəran-Təbriz və Təbriz-Çeşm-e Sorəyya dəmiryolu və Azərbaycanı İran vasitəsi ilə Naxçıvana birləşdirən Kəlalə-Culfa strateji avtomobil yolu Şərqi Azərbaycan üçün əhəmiyyət kəsb edən nəqliyyat infrastrukturlarıdır. Şərqi Azərbaycan vilayəti üçün bu əlaqə yollarının yaradılması böyük əhəmiyyət kəsb edir.

Şərqi Azərbaycan vilayətində əhəmiyyətli sahələrdən biri sənaye sektorudur. Sənaye sektoru vilayətdə inkişaf etmiş və inkişaf etməkdə olan sahələrdən sayılır. Vilayətdə maşınqayırma, müxtəlif növ avadanlıqların ehtiyat hissələrinin istehsalı mövcuddur. Eyni zamanda avtomobilqayırma sənayesini də inkişaf etdirmək mümkündür.

Vilayətdə 57 sənaye parkı aktiv şəkildə fəaliyyət göstərir. Vilayətdə özünəməxsus şəkildə xarici yatırımla yaradılan xüsusi sənaye parkı və Araz Azad Ticarət Sənaye Zonası mövcuddur. Bu potensiallar təkcə Şərqi Azərbaycan vilayəti üçün deyil, qonşu ölkələrlə, o cümlədən Azərbaycanla ticarət mübadilələrində özünəməxsus rola sahib ola bilər. Bir çox sahələrdə ortaqlıqları nəzərə alaraq iki ölkə sərhədlərinin hər iki tərəfində birgə ticarəti möhkəmləndirmək olar”, - deyə o qeyd edib.

Vali bildirib ki, bölgədə yüksək texnologiyalı sənayeni tətbiq etməklə vilayət öz rolunu yüksəltməyə çalışır. Bu, Şərqi Azərbaycan vilayətinin prioritetləri sırasına daxildir.

“Kənd təsərrüfatı sektorunda vilayətdə böyük potensiallar mövcuddur. Quşçuluq, emal sənayesi vilayətdə diqqət mərkəzində duran sahələrdir.

Şərqi Azərbaycan vilayəti mədən sahəsində zəngin ehtiyatlara, misdən tutmuş qızıla qədər minerallara sahibdir. Eyni zamanda xalçaçılıq və bir sıra digər sahələr vilayətdə inkişaf etməkdədir. Bütün bunlar Şərqi Azərbaycan vilayətinin iqtisadi inkişafında önəmli rola sahibdir.

Şərqi Azərbaycan vilayəti qonşu ölkələrlə əlaqədar, həm Avrasiya İqtisadi İttifaqına üzv ölkələr, həm də Avropa ölkələri üçün iqtisadi qapı roluna sahibdir.

Şərqi Azərbaycan vilayəti xarici investorların sənaye parklarında yatırımlar etməsinə imkanlar yaratmağa çalışır. Eyni zamanda qonşu ölkələrə məhsul ixracının artırılması istiqamətində səylər göstərilir”, - deyə o bildirib.

Onun sözlərinə görə, son vaxtlarda Şərqi Azərbaycan vilayətində iqtisadi sektorlarda 110 adsız (müxtəlif səbəblərə görə, adı açıqlanmır) investisiya imkanı müəyyənləşdirilib. İranın daxili işlər naziri İskəndər Momeninin Şərqi Azərbaycan vilayətinə səfəri çərçivəsində həmin investisiya imkanının dördünün təqdimatı keçirilib. Dörd investisiya imkanının dəyəri 220 trilyon rial (təxminən 168 milyon dollar) təşkil edib. Bundan əlavə şəhər inkişafı sahəsində də 130 adsız investisiya imkanı müəyyənləşdirilib. Şərqi Azərbaycan valiliyi iqtisadi cəhətdən investorları tam şəkildə dəstəkləməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti