...

Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinin əhatə dairəsi genişləndiriləcək

İqtisadiyyat Materials 26 Fevral 2026 16:08 (UTC +04:00)
Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinin əhatə dairəsi genişləndiriləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Türkiyə arasında imzalanmış Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi barədə razılıq əldə olunub.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşım edib.

“Gürcüstan – Azərbaycan – Türkiyə biznes forumu çərçivəsində Türkiyənin ticarət naziri Ömər Bolat ilə görüşmək xoş oldu. Dost ölkə ilə iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi, ticarət dövriyyəsinin və investisiyaların davamlı olaraq artırılması, biznes əlaqələrinin təşviqi üzrə hüquqi bazanın təkmilləşdirilməsi, enerji, sənaye istehsalı, nəqliyyat, logistika, turizm və digər sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi haqqında fikir mübadiləsi apardıq. Müzakirələr çərçivəsində Azərbaycan və Türkiyə arasında imzalanmış Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi barədə razılıq əldə olundu”, - paylaşımda qeyd edilib.

Qeyd edək ki, 25 fevral 2020-ci il tarixində iki dövlət arasında güzəştli ticarətin təşviqi məqsədilə Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi (PTS) imzalanıb.

2021-ci il martın 1-də qüvvəyə minmiş Preferensial Ticarət Sazişi bir sıra məhsullarıın Türkiyəyə güzəştli şərtlərlə - idxal rüsumu ödənilmədən ixracına imkan verir.

2024-cü ilin martın 1-də isə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında” protokol Türkiyədə qüvvəyə minib.
Türkiyənin ticarət naziri Ömər Bolat Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumu çərçivəsində Trend-ə bildirib ki, iki ölkənin texniki qrupları azad ticarət sazişi üzrə təsir analizləri və qiymətləndirmə işləri aparır.

“Rəsmi mövqe ondan ibarətdir ki, vaxtı çatdıqda Türkiyə–Azərbaycan arasında azad ticarət sazişinin imzalanması da mümkün olacaq", - o vurğualyıb.

Əlavə edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar ayında Azərbaycanla Türkiyə arasında ticarət əməliyyatlarının həcmi 431,7 milyon ABŞ dolları təşkil edib. Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 51,6 milyon ABŞ dolları və ya 10,7% azdır.
Bu ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 268,2 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,9 milyon ABŞ dolları və ya 13% azdır.

Hesabat ayında Azərbaycandan Türkiyəyə ixrac əməliyyatlarının 19,5 milyon ABŞ dollarını bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları təşkil edib. Bu məhsul üzrə ixracın həcmi isə 41,8 min tona bərabər olub. Ötən ilin yanvar ayındakı göstərici ilə müqayisədə sözügedən məhsulların Türkiyəyə ixracı dəyər ifadəsində 15,3 milyon ABŞ dolları və ya 4,6 dəfə, həcm baxımından isə 33,1 min ton və yaxud 4,8 dəfə artıb.

Bundan başqa, hesabat ayı ərzində Azərbaycandan Türkiyəyə ixrac əməliyyatlarının 31,4 milyon dollarını qeyri-neft məhsulları təşkil edib ki, bu da 2025-ci ilin yanvar ayındakı göstərici ilə müqayisədə 5,7 milyon ABŞ dolları və ya 15,3% azdır. Türkiyəyə qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi qeyri-neft ixracına nisbətən 11,72% paya malik olub. Bununla da hesabat ayında Türkiyə Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələr siyahısında 4-cü pillədə qərarlaşıb.

Hesabat dövründə Türkiyədən Azərbaycana isə 163,6 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 11,6 milyon ABŞ dolları və ya 6,6% azalma deməkdir.
Ötən il isə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 6 milyard dollara yaxınlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti