Bakı. Trend:
Cari ilin yanvar ayında Azərbaycanda bankların kredit portfeli 9 faiz və ya 2,465 milyard manat artaraq 29,980 milyard manat təşkil edib.
Trend bu barədə Azərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.
Kredit portfelinin strukturunda biznes kreditlərinin payı 53,2 faiz (15,9 milyard manat), istehlak kreditlərinin payı 31,4 faiz (9,4 milyard manat), ipoteka kreditlərinin payı isə 15,4 faiz (4,6 milyard manat) olub.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – ümumi öhdəliklərin 74,3 faizi və ya 36,8 milyard manat.
Depozit portfelinin 55,7 faizini (20,5 milyard manat) hüquqi şəxslərin depozitləri, 44,3 faizini (16,3 milyard manat) isə fiziki şəxslərin depozitləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) təşkil edir.
Fiziki şəxslərin əmanətlərinin 68,3 faizi (11,1 milyard manat) milli valyutada, 31,7 faizi (5,2 milyard manat) isə xarici valyutada yerləşdirilib.
Fiziki şəxslərin depozit portfelinin 64,2 faizini (10,5 milyard manat) müddətli əmanətlər təşkil edir.
Yanvar ayında fiziki şəxslərin müddətli əmanətlərinin həcmi 1,6 faiz və ya 159,9 milyon manat artıb.
