Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın real ümumi daxili məhsulunun (ÜDM) 2026-cı ildə 2%, 2027-ci ildə isə illik ifadədə 2,5% artacağını proqnozlaşdırır.
Trend bu barədə AYİB-ə istinadən xəbər verir.
Qeyd olunur ki, 2025-ci ildə iqtisadi dinamika zəifləyib: real ÜDM artımı 2024-cü ildəki 4,2% ilə müqayisədə 1,4%-ə qədər yavaşlayıb. “Yavaşlama karbohidrogen hasilatının 1,6% azalması ilə bağlı olub. Qeyri-neft-qaz sektorlarında artım 2024-cü ildəki 6,5%-dən 2,7%-ə düşüb, istehlak inflyasiyası isə əsasən ərzaq məhsulları və xidmətlərin bahalaşması səbəbindən 2025-ci ildə 5,6%-ə qədər yüksəlib, lakin Mərkəzi Bankın hədəf diapazonu (4% ± 2 faiz bəndi) daxilində qalıb”.
Vurğulanır ki, Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin iyul və dekabr aylarında hər biri 25 baza bəndi olmaqla iki dəfə faiz dərəcəsini azaldıb və bununla da 2023-cü ilin noyabrından bəri ümumi monetar yumşalma 225 baza bəndinə çatdırılıb. Artımın yavaşlamasına baxmayaraq, fiskal və xarici buferlər dayanıqlı olaraq qalıb. 2025-ci ildə dövlət büdcəsi ÜDM-in 0,4%-i həcmində profisitlə icra olunub. Dövlət borcu aşağı səviyyədə qalaraq 2025-ci ilin sentyabr ayına olan vəziyyətə görə ÜDM-in təxminən 20%-ni təşkil edib.
“Enerji daşıyıcılarının ixrac gəlirlərinin azalması və mal idxalının artması fonunda 2025-ci ilin ilk üç rübündə xarici ticarət profisiti azalıb. Dövlət Neft Fondunun aktivləri və Mərkəzi Bankın valyuta ehtiyatları daxil olmaqla beynəlxalq ehtiyatlar 2025-ci ilin dekabr ayına 85,1 milyard ABŞ dollarına (ÜDM-in 112%-i) çatıb.
Real ÜDM artımının 2026-cı ildə 2,0%-ə, 2027-ci ildə isə 2,5%-ə qədər sürətlənəcəyi gözlənilir. Proqnoz karbohidrogenlərin qiymətlərinə və hasilat həcmlərinə həssas olaraq qalır. Müsbət amillər kimi ABŞ-nin vasitəçiliyi ilə Ermənistanla sülh təşəbbüsü çərçivəsində regional əlaqəliliyin və ticarət təşəbbüslərinin inkişafı, həmçinin bərpa olunan enerji sahəsinə davam edən iri həcmli investisiyalar qeyd olunur ki, bunlar iqtisadi artımın sürətlənməsinə və iqtisadiyyatın şaxələndirilməsinə töhfə verə bilər”, – deyə bank bildirib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar ayında ölkədə 9 milyard 78,7 milyon manatlıq və ya əvvəlki ilin yanvar ayı ilə müqayisədə 1,7 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 2,3 faiz artmışdır.
ÜDM istehsalının 33,9 faizi sənaye, 11,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi tikinti, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,2 faizi informasiya və rabitə sahələrinin, 23,4 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 11,7 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 884,5 manata bərabər olub.
