Bakı. Trend:
Dünya İqtisadi Forumunun (WEF) prezidenti Borqe Brende “Epşteyn sənədləri” qalmaqalında adının hallanması fonunda tutduğu vəzifədən istefa verib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
2017-ci ildən foruma rəhbərlik edən Brende qərarını ABŞ Ədliyyə Nazirliyinin açıqladığı məlumatlardan sonra yaydığı bəyanatla elan edib. Həmin məlumatlara görə, norveçli siyasətçi Epşteynlə üç işgüzar şam yeməyində iştirak edib, həmçinin qalmaqallı maliyyəçi ilə elektron poçt və mesajlaşma vasitəsilə əlaqə saxlayıb.
“Diqqətlə düşünərək Dünya İqtisadi Forumunun prezidenti və baş icraçı direktoru vəzifəsindən ayrılmaq qərarına gəldim. Buradakı 8 il yarımlıq fəaliyyətim son dərəcə dəyərli və məhsuldar olub”, – deyə Brende bildirib.
Bəyanatda Epşteynin adı çəkilməyib.
Bundan əvvəl Brende bildirib ki, Epşteynlə ilk dəfə 2018-ci ildə görüşməzdən əvvəl onun keçmişi və cinayət fəaliyyəti barədə məlumatsız olub və onu daha ətraflı araşdırmadığına görə təəssüf edir.
