Bakı.Trend:
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri yazıldı. Bu, təkcə Azərbaycan tarixinin deyil, dünya tarixinin ən qara səhifələrindən biri idi.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
O bildirib ki, erməni hərbi birləşmələri Xocalının bir neçə saat ərzində faktiki olaraq yer üzündən silinməsinə hesablanan əməliyyatlar və insanlıq əleyhinə cinayətlər törədib. Nəticədə dünya tarixinin ən qanlı soyqırımılarından biri - Xocalı soyqırımı baş verib:
Qətlə yetirilənlərdən 63-ü uşaq, 106-sı qadın 70-i ahıl insan idi. Bundan əlavə 1 275 nəfər əsir götürüldü. Əsirlərdən 150 nəfərin taleyi uzun müddət naməlum qaldı. Təsəvvür edin, 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirdi. Bütün bu rəqəmlər dəhşətli bir soyqırımın ayrı-ayrı lövhələridir. Bu rəqəmlər sadəcə statistika deyil - bir şəhərin sistemli şəkildə məhv edilməsinin göstəricisidir.
Azər Qarayev bildirib ki, Xocalıda baş verənlər təsadüfi hərbi toqquşma deyil:
Bu akt nəticəsində dinc əhali Xocalıdan çıxmağa çalışarkən atəşə tutulub, mülki şəxslər xüsusi amansızlıqla öldürülüb, meyitlərə qarşı zorakılıq edilib. Bütün bunlar beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması deməkdir. Tarix boyu insanlığa qarşı törədilmiş cinayətlər arasında müxtəlif miqyaslarda faciələr olub. Məsələn, Holokost – milyonlarla insanın sistemli şəkildə məhv edilməsi ilə XX əsrin ən böyük soyqırımı hesab olunur. Srebrenitsa soyqırımı – Avropada II Dünya müharibəsindən sonra baş vermiş ən ağır kütləvi qırğın kimi tanınır. Xocalı faciəsi də bu hadisələrlə müqayisədə daha az sayda qurbanla nəticələnsə də, xarakteri və törədilmə üsulu baxımından - mülki əhaliyə qarşı yönəlmiş planlı və amansız hücum kimi - insanlığa qarşı qəti cinayət kateqoriyasına daxil edilir. Burada əsas məsələ yalnız qurbanların sayı deyil, cinayətin mahiyyətidir: silahsız mülki əhalinin hədəf alınması, qaçmağa çalışan insanların qətlə yetirilməsi, ailələrin tamamilə məhv edilməsi.
Politoloq Qarabağın, Xocalının işğaldan azad edilməsini Azərbaycan xalqının uğradığı soyqırımı travmasından çıxmaqda böyük rol oynadığını düşünür:
Bu proses təkcə hərbi və siyasi nəticə kimi deyil, həm də uzun illər davam edən kollektiv travmanın müəyyən mənada sağalması kimi qiymətləndirilməlidir. Xüsusilə Xocalı soyqırımı zamanı həyatını itirən insanların xatirəsi kontekstində ərazi bütövlüyünün təmin olunması Azərbaycan cəmiyyətində simvolik və mənəvi məna daşıyır.
Xocalı faciəsi zamanı mülki əhalinin kütləvi şəkildə qətlə yetirilməsi yalnız bir şəhərin taleyi deyil, bu hadisə ölkənin yaddaşında sağalmaz iz buraxıb. Uzun illər ərzində həmin torpaqların nəzarət altında olmaması, həm də ədalətin bərpası ilə bağlı açıq qalan suallar kimi qəbul edildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağın azad edilməsi xalqın, cəmiyyətin məğlub ruh halını dəyişdi. Bu gün Azərbaycan bütün keçmişinə, ağrılarına məğrur baxa bilən bir toplumdan ibarətdir. Artıq bizə qarşı törədilən faciələri, soyqırımılarını unutmadan gələcəyə böyük addımlarla irəliləyən bir xalqıq.
