Bakı. Trend:
Ombudsman Aparatının kadr və maddi bazasının gücləndirilməsi, müasir texnologiyaların tətbiqi üçün əlavə maliyyə dəstəyinin verilməsi təklif edilir.
Trend-in məlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.
Belə ki, Ombudsmana BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Uşaq hüquqları haqqında” konvensiyalarının həyata keçirilməsi, habelə bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizmi funksiyasının verilməsini, həmçinin dövrün yeni çağırışlarını nəzərə alaraq, Ombudsman Aparatının kadr və maddi bazasının gücləndirilməsi, müasir texnologiyaların tətbiqi üçün əlavə maliyyə dəstəyinin verilməsi təklif edilir.
Həmçinin, rəqəmsallaşma proseslərinin sürətlə inkişafı və elektron informasiya resurslarına artan tələbat nəzərə alınaraq, Ombudsman Aparatında illər ərzində formalaşmış insan hüquqları kitabxanasının hər bir şəxs üçün əlçatanlığının səmərəli təşkili, bununla da insan hüquqları sahəsində resurslara bərabər və operativ çıxış imkanlarının genişləndirilməsi, xüsusilə regionlarda yaşayan vətəndaşlar, eləcə də distant qaydada araşdırma aparan istifadəçilər üçün bu məlumatlardan effektiv istifadə imkanlarının yaradılması məqsədilə Ombudsman Aparatında insan hüquqları üzrə elektron kitabxananın təşkili üçün müvafiq maliyyə dəstəyinin göstərilməsi məqbul sayılır.
