Bakı.Trend:
Yasamal rayonu ərazisində, Abbasqulu ağa Bakıxanov küçəsindən Cəfər Cabbarlı küçəsinə çıxışda salınan və üzərində həm piyada, həm də velosiped nişanı olan yeni zolaq istifadəyə verilib.
Bu zolaq konkret olaraq kimlər üçün nəzərdə tutulub? Təhlükəsizlik qaydaları necə tənzimlənəcək və sürücülər üçün əlavə nişanlama nəzərdə tutulubmu?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məsələ ilə bağlı Trend-ə bildirilib ki, Abbasqulu ağa Bakıxanov küçəsindən Cəfər Cabbarlı küçəsinə çıxışda piyadaların və mikromobillik vasitələri istifadəçilərinin müştərək istifadə edə biləcəkləri zolaq yaradılıb. Sözügedən hissədə səki olmadığı üçün piyada keçidindən keçənlər hərəkətlərini həmin zolaqla davam etdirə bilərlər.
Qurumdan qeyd edilir ki, bu, səkinin təşkilinə kimi müvəqqəti həlldir.
"Piyada zolağının təşkilindən əvvəl də vətəndaşlar həmin yol sahəsindən aktiv istifadə edirdilər. Yaxınlıqda məktəb yerləşdiyi üçün günün müəyyən vaxtlarında buradan bir saat ərzində 1000 nəfərə yaxın piyada keçid kimi istifadə edir.
Qeyd edək ki, Vyana, Sürix, San-Fransisko, Melburn, Tallin, Praqa kimi müasir infrastruktura malik şəhərlərdə bu təcrübədən geniş istifadə edilir. Mikromobillik istifadəçiləri yolun həmin hissəsində piyadalara yol verərək hərəkət etməlidir".
