Bakı. Trend:
Vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Cinayət-Prosessual Məcəlləyə dəyişiklik edilməsi təklif edilir.
Trend-in məlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.
Miqrasiya Məcəlləsinə əsasən, vətəndaşın ölkədən getmək hüququ Cinayət-Prosessual Məcəlləyə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək müvəqqəti məhdudlaşdırıla bilər.
Ombudsmanın məruzəsində yuxarıdakı maddənin tələblərinin Cinayət-Prosessual Məcəllədə dəqiq prosessual mexanizmlərlə təsbit olunması və qeyd olunan sahədə funksional problemlərin aradan qaldırılması, bununla da həm şəxslərin sərbəst hərəkət hüququnun əsassız məhdudiyyətlərdən qorunması, həm də hüquq-mühafizə orqanlarının fəaliyyətində ziddiyyətli təcrübələrin qarşısının alınması məqsədilə Cinayət-Prosessual Məcəlləyə zəruri əlavə və dəyişikliklərin edilməsi təklif edilir.
