Bakı. Trend:
Xərçəng xəstəliklərinin müalicəsinin özəl klinikalarda da aparılmasına başlanılacaq.
Trend xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev bu gün Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı “Ana harayı” abidəsini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, bu, islahatların bir hissəsidir.
"İndidən bildirmək istəyirəm ki, özəl sektorda onkoloji xidmət göstərmək üçün və bu icazəni almaq üçün xüsusi qaydalar və tələblər hazırlanıb. Çox ciddi tələblərdir və yalnız ən yüksək tələblərə cavab verən müəssisələrə həmin lisenziya veriləcək", - o əlavə edib.
Qeyd edək ki, fevralı 23-də Prezident İlham Əliyev “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” Qanunlarına edilən dəyişikliyi təsdiqləyib.
Qanuna əsasən, ixtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı, "Lisenziyalar və icazələr haqqında" qanunun tələblərinə əsasən yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri xidmət göstərəcək.
İxtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı, "Lisenziyalar və icazələr haqqında" qanunun tələblərinə əsasən yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri tərəfindən xidmət həyata keçiriləcək. Bu da vətəndaşların öz iradəsinə əsasən istənilən tibb müəsisəsində tibbi xidmət almasına səbəb olmaqla Azərbaycan vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz mülahizələrinə əsasən müstəqil surətdə öz müalicə həkimlərini seçmək və müvafiq tibb müəssisəsində müalicə almaq hüququnu təmin edəcək.
