Bakı. Trend:
Fevralın 27-də doğma yurduna yola salınan köç karvanı Kəlbəcər şəhərinə çatıb.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə köçürülən 118 nəfərdən ibarət 27 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Kəlbəcər şəhərində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib.
xxx
06:53
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” davam etdirilir.
Trend xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə - 118 nəfər, Xocavənd şəhərinə 41 ailə - 138 nəfər, Cəbrayıl rayonunun Horovlu kəndinə isə 40 ailə - 196 nəfər köçürülüb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
