Bakı. Trend:
Yetkinlik yaşına çatmayan təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanmasının istisnasız qadağan olunması təklif edilir.
Trend-in məlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.
Cinayət-Prosessual Məcəlləyə əsasən, yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanmasına yalnız həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı ilə yol verilir.
“Media haqqında” Qanuna əsasən, media subyekti və jurnalist tərəfindən yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına yol verilmir.
Ombudsmanın məruzəsində yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanmasının istisna halları göstərilmədən qadağan olunması təklif edilir.
Həmçinin, Cinayət-Prosessual Məcəlləyə cinsi zorakılığın qurbanı olan uşağa aid istintaq materiallarının cinayət prosesinin iştirakçıları tərəfindən yayılmasını qadağan edən müddəanın əlavə edilməsi məqsədəuyğun hesab edilir.
