Bakı.Trend:
Heydər Əliyev adına Xaçmaz Rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan “Xocalı – tarixin silinməz yaddaşı” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə mərkəzin foyesində məktəblilərin soyqırıma həsr etdikləri rəsm sərgisinə baxış keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin və Xocalıda həyatlarını itirən soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması, hadisələrə siyasi-hüquqi qiymətin verilməsi və tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs ediblər.
Xaçmaz Xalq Teatrının yaradıcı kollektivi və məktəblilərin birgə hazırladığı “Xocalı – tarixin silinməz yaddaşı” adlı səhnələşdirilmiş kompozisiyada 1992-ci ilin fevral gecəsi Xocalıda baş verən dəhşətlər, dinc sakinlərin qarşılaşdığı cinayətlər bədii dillə səsləndirilib. Ana ağrısı, uşaq fəryadı və torpaq həsrəti hər bir izləyicinin qəlbinə toxunub. Səhnə əsərində şəhidlərimizin qanının yerdə qalmadığı və Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən Xocalı şəhərinin separatçılardan təmizlənməsi, Xocalı sakinlərinin yenidən doğma yurdlarına qayıtması sevinc hissi ilə qeyd olunub.