Bakı. Trend:
2026-cı il qlobal şəhər inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki hazırda dünya ciddi mənzil böhranı ilə üz-üzədir.
Trend xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Bilik və Təbliğat Bölməsinin direktoru Edlam Yemeru bu gün Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu gün dünyada təxminən 3 milyard insan adekvat mənzilə malik deyil: "1,1 milyard insan qeyri-formal yaşayış məntəqələrində və gecəqondularda ağır və təhlükəli şəraitdə yaşayır. 300 milyondan çox insan isə evsizdir. Bu, böhranın miqyasını açıq şəkildə göstərir və Forumun əsas diqqət mərkəzində məhz bu məsələ dayanacaq.
Bundan əlavə, 2016-cı ildə Ekvadorun paytaxtı Kitoda keçirilən konfransda dünya ölkələri davamlı urbanizasiyanın təşviqi ilə bağlı Yeni Şəhər Gündəliyini qəbul etmişdilər. 2026-cı ildə həmin sənədin qəbulundan 10 il ötür. Artıq görülən işləri qiymətləndirmək, boşluqları müəyyənləşdirmək və növbəti onillik üçün prioritetləri müəyyən etmək vaxtıdır".
BMT rəsmisi vurğulayıb ki, bu il həm də BMT Baş Assambleyasında Yeni Şəhər Gündəliyinin 10 illik icrasının nəzərdən keçirilməsi planlaşdırılır: "Eyni zamanda Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusilə də Dayanıqlı İnkişaf Məqsədi 11-in icra vəziyyəti qiymətləndiriləcək.
Qarşıdakı dövrdə əsas diqqət adekvat və əlçatan mənzil təminatına, eləcə də bütün maraqlı tərəflərlə əməkdaşlığın gücləndirilməsinə yönələcək.
Forumun əsas tematik istiqaməti mənzil və ev anlayışıdır. Ev hər bir insan üçün fundamental əhəmiyyət daşıyır. Hamımız evin nə demək olduğunu anlayırıq və adekvat mənzilə malik olmamağın yaratdığı çətinlikləri təsəvvür edə bilirik. Forum məhz bu sual ətrafında qlobal müzakirələr aparacaq".
Edlam Yemeru Ümumdünya Şəhərsalma Forumunun əsas mesajlarının
aşağıdakılar olduğunu bildirib:
* Qlobal mənzil böhranına son qoymaq və hər kəs üçün adekvat və
əlçatan mənzil təmin etmək;
* 1,1 milyard insanın yaşadığı qeyri-formal yaşayış məntəqələrinin
transformasiyasını sürətləndirmək, çünki bu baş verməzsə, risklər
və itkilər daha da artacaq;
* Mənzil məsələsinin təxirəsalınmaz olduğunu vurğulamaq – 3 milyard
insan gözləyə bilməz;
* Mənzilin insan inkişafının və davamlı inkişafın bütün
aspektlərinin təməli olduğunu önə çəkmək.
"Ev sağlamlığın, təhsilin və imkanların əsasını təşkil edir. Ev
təhlükəsizlik və sabitlik deməkdir. Ev həm bugünkü, həm də gələcək
nəsillərin rifahının təməlidir. Daha yaxşı mənzil daha yaxşı dünya
deməkdir. Mənzil böhranı həll olunmadan Dayanıqlı İnkişaf
Məqsədlərinə və 2030 Gündəliyinə nail olmaq mümkün olmayacaq.
Forum çərçivəsində mənzil məsələsinin digər qlobal çağırışlarla
əlaqəsi də müzakirə ediləcək: iqlim dəyişikliyi, münaqişələr,
yoxsulluq, bərabərsizlik, təbii fəlakətlər, iqtisadi artım, ticarət
və sənayeləşmə kimi məsələlər birbaşa mənzil ilə bağlıdır. Mənzil
bu sahələrdə həm imkanlar yaradır, həm də vaxtında həll olunmadıqda
ciddi risklər doğurur.
Ümumdünya Şəhərsalma Forumu məhz bu qlobal çağırışlara kompleks və
davamlı yanaşma formalaşdırmaq üçün dünyanın əsas platformalarından
biri olaraq əhəmiyyətini daha da artırır", - o qeyd edib.
