Bakı. Trend:
Kino mədəniyyətimizdə çox böyük rol oynayır. Film vacib bir sahədir. Türkiyə indi filmləri ilə dünyanı Osmanlıdan çox tuta bilir, eləcə də başqa ölkələr.
Trend xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas parlamentin bugünkü iclasında “Kinematoqrafiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin zamanı deyib.
Millət vəkilinin sözlərinə görə, çox təəssüf ki, Azərbaycanda film çəkmək yalnız Mədəniyyət Nazirliyinin üzərinə düşür:
“Amma ölkədə bu qədər təşkilat, holdinqlər var. Futbola yardım edirlər, amma film çəkilişinə sponsorluq eləmirlər. Rusiyada filmlərin çoxunu nazirliklər çəkir. Niyə bizim şirkətlər, sponsorlar niyə film çəkmirlər? Filmdən böyük təbliğat yoxdur.
Niyə indiyədək tarixi şəxsiyyətlər, Şah İsmayıl, Qacarlar haqqında film çəkilməyib? Filmlərin çəkilməməsinin səbəbi sponsor tapılmamasıdır.
Kiminsə əleyhinə danışmaq istəmirəm. Ramiz Mehdiyevin evindən 17 milyon pul tapıldı. 17 milyon 10 dənə tammetrajlı film deməkdir, özü də yüksək səviyyədə. Niyə bunu evdə saxlayırlar, verin bunu film çəksinlər, təbliğ etsinlər. Mən də istəyirəm ki, bizim də filmlərimiz dünyaya çıxsın, yaxşı filmlərimiz var, çəkirlər”.
