Bakı.Trend:
“Təhdidlər və Həllər Kataloqu”nda ümumilikdə 167 təhdid üzrə məlumat əldə etmək mümkündür. Portal mütəmadi olaraq yenilənəcək, sahə üzrə yeni təhdidlər müəyyən edildikcə və ya mövcud təhdidlərə dair yeni həll mexanizmləri formalaşdıqca sistemə əlavə ediləcək.
Trend xəbər verir ki, bu fikirləri bu gün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov “İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, portal bilik bazası funksiyasını yerinə yetirir və dövlət qurumlarına informasiya təhlükəsizliyi riskləri reyestrinin hazırlanması prosesində metodiki dəstək məqsədi daşıyır.
İdarə rəisi qeyd edib ki, portalın əsas səhifəsində təhdidlər 7 kateqoriya üzrə qruplaşdırılıb və hər bir kateqoriya daxilində müvafiq risklər sistemləşdirilib. Gələcəkdə yeni təhdidlər yarandıqca onlar da uyğun kateqoriyalar üzrə əlavə ediləcək:
“İstifadəçilər “Bütün təhdidlər” bölməsi vasitəsilə sistemdə yerləşdirilmiş bütün risklərlə tanış ola, həmçinin hər bir təhdid üzrə təqdim olunan həll yollarını nəzərdən keçirə bilərlər”.
