Bakı. Trend:
Pakistan və Əfqanıstan orduları arasında ekskalasiyaların davam etdiyi bir vaxtda itkilərlə bağlı məlumatlar açıqlanıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Pakistan ordusunun rəsmi nümayəndəsi əməliyyatların gedişində 228 taliban döyüşçüsünün öldürüldüyü bildirib. Bundan başqa 314 döyüşçü yaralanıb, 74 Taliban postu məhv edilib, 18 nəfər əsir götürülüb.
Bu arada Əfqanıstanda Taliban rəsmisi toqquşmalarda 55 pakistanlı hərbçinin öldürüldüyünü, sərhəddə 19 postun ələ keçirildiyini bəyan edib. Rəsmi nümayəndə Nəngərhar əyalətində 8 Taliban döyüşçüsünün həlak olduğunu, 11-nin yaralandığını əlavə edib.
xxx
14:57
Əfqanıstanın silahlı qüvvələri Pakistanın nüvə obyektinə hücum edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Ariana News” telekanalının məlumatına görə, Xeybər Paxtunxva əyalətinin Kokal rayonunda yerləşən hərbi mərkəzə və daha bir nüvə mərkəzinə endirilən zərbələrdən sonra çox sayda yaralı İslamabadın xəstəxanalarına təxliyə olunub.
Öz növbəsində Pakistan qüvvələri Əfqanıstanın Paktika əyalətinin Barmal rayonunda zərbə endirib.
Bundan əvvəl Pakistan hava qüvvələri Kabil, Qəndahar və başqa şəhərlərdə strateji hərbi infrastruktura və silah-sursat anbarlarına hədəflənmiş aviareydlər həyata keçirmişdi.
Qeyd edək ki, Əfqanıstanın hərbi hava qüvvələri mövcud deyil.
xxx
11:45
Əfqanıstan-Pakistan arasında meydana gələn eksalasiyalar fonunda Pakistan Hərbi Hava Qüvvələri əməliyyat keçirərək Kabil, Qəndəhar və digər bölgələrdə hərbi infrastrukturuna aviazərbələr endirib.
Trend xəbər verir ki, bu barədə “Al-jazeera” telekanalı məlumat yayıb.
Rəsmi İslamabad bəyan edir ki, Əfqanıstan Talibanının “səbəbsiz şəkildə atdığı addımlardan sonra vəziyyət artıq açıq müharibə mərhələsinə keçib və dövlət buna sərt şəkildə cavab verir”.
Məlumatlara əsasən, Pakistan hərbi təyyarələri hələ də Qəndəhar üzərində uçuş həyata keçirir. Vəziyyət son dərəcə həssas və mürəkkəb olaraq qiymətləndirilir.
Qeyd edək ki, Pakistan ordusu əməliyyatları ölkə ərazisində ard-arda törədilən terror aktlarından sonra həyata keçirib.
Fevralın 6-da İslamabadda yerləşən şiə məscidində törədilən intihar partlayışı nəticəsində azı 36 nəfər həlak olub.
Fevralın 21-də isə Xeybər-Paxtunxvada yerləşən Bannu şəhərində daha bir terrorçu kamikadze təhlükəsizlik konvoyuna hücum edərək iki hərbçini öldürüb. Həmin hücumlar Pakistanın Əfqanıstan ərazisində ilk zərbə dalğasına başlamasına səbəb olub. Pakistanın bildirdiyinə görə, zərbələr silahlı qrupların, xüsusilə də “Təhrik-e-Taliban Pakistan” (Pakistan Talibanı) üzvlərinin gizləndiyi sığınacaqlara və bazalara yönəldilib.
Əfqanıstan tərəfi bu hücumlar nəticəsində azı 18 nəfərin öldüyünü açıqlayıb və cavab tədbirləri görəcəyini bəyan edib ki, bu da cümə axşamı gecəsi silahlı toqquşmaların başlanmasına gətirib çıxarıb.
