Bakı. Trend:
Xocavənd rayonunda həyat tədricən öz axarına qayıdır. Rayonun eyni adlı kəndində genişmiqyaslı infrastruktur layihələri icra olunur.
Trend xəbər verir ki, bu barədə bu gün Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Fidan Məmmədli Xocavənddə mediaturda olan jurnalistlərə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, Xocavənd kəndində ümumilikdə 278 fərdi yaşayış evi mövcuddur. Bu evlərdən 128-i tam yararsız vəziyyətdədir, 150-si isə qismən yararlıdır. Qismən yararlı evlərdən 20-də artıq təmir-bərpa işləri başa çatdırılıb, cari il ərzində daha 130 evdə təmir aparılması nəzərdə tutulur.
F. Məmmədli qeyd edib ki, Böyük Qayıdış proqramı çərçivəsində Xocavənd rayonuna köç prosesi mərhələli şəkildə davam edir. Fevral ayında kəndə 20 ailənin (94 nəfər) daimi məskunlaşması təmin edilib. Mart-dekabr ayları ərzində isə əlavə olaraq 130 ailənin (533 nəfər) kəndə köçürülməsi planlaşdırılır.
O ki, kənddə sosial infrastrukturun bərpası istiqamətində də mühüm işlər görülüb. Ərazinin mavi yanacaqla təmin olunması məqsədilə 5 kilometr uzunluğunda magistral qaz xətti çəkilib, 1500 metr mövcud xətt isə yenidən qurulub. Bundan əlavə, 2100 metr uzunluğunda 0,4 kV-luq elektrik xətləri və iki transformator məntəqəsi bərpa edilib.
Kənddaxili avtomobil yolları asfaltlanıb, piyada səkiləri salınıb. Bu istiqamətdə işlər hazırda da davam etdirilir.
