Bakı. Trend:
Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı təkcə bir abidənin istifadəyə verilməsi deyil, həm də tarixi ədalətin təntənəsidir.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Millət vəkilinin sözlərinə görə, iki il əvvəl təməli qoyulan və bu gün Xocalıda ucaldılan Memorial Kompleks Azərbaycan xalqının yaddaşının, iradəsinin və əyilməz ruhunun rəmzidir. O qeyd edib ki, 1992-ci ilin fevralında baş verən Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir və bu qətliamın məsuliyyəti birbaşa Ermənistan dövlətinin üzərinə düşür:
“Həmin gecə yüzlərlə dinc sakin – qadınlar, uşaqlar, qocalar amansızcasına qətlə yetirilib, onlarla insan itkin düşüb və işğaldan sonra onların bir qisminin qalıqları aşkar edilərək torpağa tapşırılıb”.
Afət Həsənova vurğulayıb ki, Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində Azərbaycan dövləti və vətəndaş cəmiyyəti institutları uzun illər sistemli fəaliyyət göstərib.
Deputat bildirib ki, beynəlxalq müstəvidə ədalətə nail olmaq asan olmayıb:
“Uzun illər ərzində ikili standartlar və siyasi maraqlar səbəbindən Xocalı faciəsinə lazımi hüquqi-siyasi qiymət verilməyib. Lakin Azərbaycan xalqı və dövləti geri çəkilməyərək addım-addım haqq mübarizəsini davam etdirdi. 44 günlük Vətən müharibəsində qazanılan qələbə, ardınca ərazi bütövlüyünün tam bərpası və müharibə cinayətkarlarının məhkəmə qarşısına çıxarılması ədalətin təmin olunmasının real təzahürü idi”.
Millət vəkili qeyd edib ki, Azərbaycan həm döyüş meydanında qələbə qazanan, həm də öz ərazi bütövlüyünü tam bərpa edən nadir dövlətlərdəndir:
“İşğal dövründə müxtəlif təzyiq və təhdidlərə baxmayaraq, dövlətimizin qəti mövqeyi dəyişməyib. Azərbaycan heç vaxt işğalla barışmayacağını açıq şəkildə bəyan edirdi və nəticədə 44 gün ərzində düşmən kapitulyasiyaya məcbur edildi. 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkənin suverenliyi tam təmin edildi, qanunsuz silahlı birləşmələr tərksilah olundu”.
A.Həsənova vurğulayıb ki, Xocalıda Memorial Kompleksin məhz azad olunmuş torpaqlarda açılması xüsusi məna daşıyır:
“Bu, xalqımızın inamının, səbrinin və qələbə əzminin simvoludur. Uzun illər doğma yurd-yuvasından didərgin düşən xocalılılar bu ağrını ləyaqətlə daşıyaraq dövlətə və orduya güvəniblər və bu gün həmin inam öz bəhrəsini verib”.
Deputat həmçinin qeyd edib ki, Azərbaycan Ordusu hər zaman beynəlxalq humanitar hüququn norma və prinsiplərinə riayət edib, mülki əhaliyə qarşı heç vaxt məqsədli hücumlar həyata keçirməyib:
“Bu yanaşma xalqımızın mənəvi üstünlüyünü daha da gücləndirib və beynəlxalq aləmdə ölkəmizə olan hörməti və etimadı artırıb.
Biz Xocalı soyqırımını heç vaxt unutmayacağıq. Şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaq. Dövlətimizin gücü və xalqımızın birliyi sayəsində belə faciələrin bir daha təkrarlanmasına imkan verilməyəcək”.
