...

Bakıda “İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi” mövzusunda tədbir keçirilib (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 27 Fevral 2026 10:00 (UTC +04:00)
Bakıda “İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi” mövzusunda tədbir keçirilib (FOTO) (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən “İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi” mövzusunda tədbir keçirilib.

Trend xəbər verir ki, tədbirdə 150-dən çox dövlət qurumunun informasiya təhlükəsizliyi sahəsinə məsul nümayəndələri iştirak edib.
Tədbirin əsas məqsədi dövlət orqanlarında informasiya təhlükəsizliyi risklərinin sistemli və effektiv idarə olunması mexanizmlərinin təkmilləşdirilməsi, mövcud təhdidlərə qarşı vahid yanaşmanın formalaşdırılması və risklərin uçotu üçün praktik tətbiq alətlərinin təqdim edilməsi olub.

Açılış mərasimində çıxış edən XRİTDX-nin baş idarə rəisi general-mayor Azər Əhədov qeyd edib ki, müasir dövrdə rəqəmsal mühitin genişlənməsi fonunda informasiya təhlükəsizliyi məsələləri artıq yalnız texniki yanaşma ilə məhdudlaşmır, strateji və institusional idarəetmə komponenti kimi çıxış edir. Bu baxımdan risklərin vaxtında müəyyən edilməsi və idarə olunması dövlət informasiya resurslarının qorunmasının əsas şərtlərindən biridir.

XRİTDX bu istiqamətdə normativ və metodoloji çərçivənin formalaşdırılması, eləcə də risklərin idarə olunması üzrə vahid yanaşmanın tətbiqi sahəsində əsas icraçı qurum kimi çıxış edir.

Daha sonra mövzu ətrafında geniş müzakirələr aparılıb.

Tədbir çərçivəsində informasiya təhlükəsizliyi risklərinin idarə olunması sistemi, təhdidlər və həllər kataloqu, eləcə də informasiya təhlükəsizliyi riskləri reyestrinin aparılması qaydası üzrə təqdimatlar keçirilib. Çıxışlarda risklərin müəyyənləşdirilməsi və təsnifatı, onların prioritetləşdirilməsi, habelə aradan qaldırılması mexanizmləri ilə bağlı yanaşmalar ətraflı izah olunub, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda iştirakçıları maraqlandıran məsələlər üzrə fikir mübadiləsi aparılıb və praktiki tətbiq mexanizmləri ilə bağlı suallar cavablandırılıb.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyasının Tədbirlər Planı ilə müəyyən olunmuş tapşırıqlardan irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2025-ci il tarixli 411 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma Qaydası”nın icrası çərçivəsində təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti