Xocavənd. Trend:
Sahəsi 1,51 min kvadratkilometr olan Xocavənd rayonu 1 şəhər, 2 qəsəbə və 80 kəndi əhatə edir. Əhalisi 12 min 500 nəfərdir. Rayon işğaldan azad edildikdən sonra ərazidə yenidənqurma və bərpa işləri intensiv şəkildə davam etdirilir.
Trend-in Qarabağ bürosuna açıqlamasında bu gün Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Fidan Məmmədli bildirib ki, şəhərdə ümumilikdə 980 fərdi yaşayış evi mövcuddur. Onlardan 133-ü tam yararsız, 847-si isə qismən yararlı vəziyyətdədir. Qismən yararlı evlərin 55-i artıq istismara hazırdır. Cari il ərzində daha 792 evin təmiri planlaşdırılır.
Bildirilib ki, Böyük Qayıdış proqramına əsasən, rayona köç ötən ilin sentyabrından başlanıb. İndiyədək şəhər daxil olmaqla 5 yaşayış məntəqəsinə əhalinin qayıdışı təmin edilib. Belə ki, Xocavənd şəhərinə 50 ailə (194 nəfər), Hadrut qəsəbəsinə 58 ailə (233 nəfər), Sos kəndinə 85 ailə (360 nəfər), Qırmızı Bazar qəsəbəsinə 142 ailə (604 nəfər), Xocavənd kəndinə isə 20 ailə (94 nəfər) köçürülüb. Ümumilikdə 355 ailə, yəni 1485 nəfər doğma yurduna qayıdıb.
Qeyd edək ki, Xocavənd şəhəri 1992-ci ildə işğal olunmuş, 2023-cü ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror tədbirləri nəticəsində azad edilib.
