Bakı. Trend:
Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına (CAREC) üzv ölkələrdə yekun enerji istehlakının 2030-cu ilədək əhəmiyyətli dərəcədə artacağı gözlənilir və artım tempi ölkə və ssenaridən asılı olaraq fərqlənəcək.
Bu barədə Trend “CAREC İnstitute”a istinadən xəbər verir.
Çin istisna olmaqla, regionda enerji istehlakı təxminən 32% arta bilər (2020-ci ildəki 204 milyon ton neft ekvivalenti (tne) səviyyəsindən enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsindən asılı olaraq 254–290 milyon tne- qədər).
Ən böyük artımın elektrik enerjisi və təbii qaz istehlakında, xüsusilə də yaşayış və sənaye sektorlarında olacağı gözlənilir.
“Business-As-Usual (BAU)” ssenarisində kömür və neftin payının nisbətən sabit qalmasına rəğmən, “Government Commitments” və “Green Growth” ssenarilərində bu payın azalacağı proqnozlaşdırılır. Xüsusilə “Green Growth” ssenarisində kömürün payı 10%-dən 5%-ə düşür”, – hesabatda qeyd olunur.
Mütləq göstəricilərdə kömür istehlakı ümumi tələbin artması səbəbindən BAU ssenarisində artmaqda davam edir, lakin “Green Growth” ssenarisində kömürün təbii qazla əvəzlənməsi hesabına azalır.
Çin də nəzərə alınmaqla, CAREC regionunda yekun enerji istehlakının 2030-cu ilədək təxminən 10% artaraq 2,4–2,7 milyard tne-yə çatacağı proqnozlaşdırılır. Ən böyük artımın təbii qazda olacağı gözlənilir – illik 3–4% artım tempi ilə ümumi istehlakın 10–13%-ni təşkil edəcək. Elektrik enerjisinin payı da bütün ssenarilərdə artır, neftə tələbat isə nəqliyyat ehtiyacları səbəbindən sabit qalır və ya mülayim artır. Kömür istehlakının bütün ssenarilərdə azalacağı gözlənilir; bu, ilk növbədə Çinin kömürdən istifadənin məhdudlaşdırılmasına yönəlmiş strateji tədbirləri ilə bağlıdır, baxmayaraq ki, elektrik enerjisi istehsalında kömürdən asılılıq davam edir.
Sektorlar üzrə baxdıqda, Çin istisna olmaqla CAREC ölkələrində ən sürətlə artan enerji istehlakçısı nəqliyyat sektorudur və 2030-cu ilədək proqnozlaşdırılan orta illik artım tempi (CAGR) 3–4% təşkil edir. “Yaşayışvə sənaye sektorlarında enerji istehlakının daha mülayim – illik təxminən 2–3% artacağı gözlənilir ki, bu da məqsədyönlü enerji səmərəliliyi tədbirlərinin təsirini əks etdirir”, – hesabat müəllifləri əlavə edirlər.
Çin də nəzərə alınmaqla, nəqliyyat və yaşayış sektorları enerji istehlakının artımında əsas hərəkət verici qüvvələr olaraq qalmaqdadırlar və müvafiq olaraq 2–3% və 2–4% CAGR proqnozlaşdırılır.
